Advertisement

İstehlakçının müqavilənin ləğvini və dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var – Jalə Qənbərova (MÜSAHİBƏ)

Bakı. Trend:

Günümüzdə istehlak bazarında istehlakçılar arzuladıqları məhsulu
və ya xidməti münasib qiymətə əldə etmək imkanına malikdirlər.
Məhsulların çeşidliliyi istehlakçılara sərbəst seçim üçün geniş
şərait yaradır. Amma bəzən məhsul və ya xidmətlərin xüsusiyyətləri
çəkilən xərclərlə mütənasib olmur. İstehlakçılar onlara təqdim
olunan mal və ya işin keyfiyyəti və səmərəliliyi istiqamətində
gözlənilən nəticəni əldə etmirlər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilən istehlakçı
hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət tədbirləri
çərçivəsində iş görülməsi və xidmət göstərilməsi zamanı icraçıların
öz öhdəliklərinə əməl etməməsi ilə bağlı pozuntulara rast gəlinir.
Belə ki, verilən sifarişlərin vaxtında və lazımi keyfiyyətdə yerinə
yetirilməməsi, xidmət zamanı qüsurlara yol verilməsi halları baş
verir. Bu hallardan sığortalanmaq üçün istehlakçılara ilk növbədə
iş görülməsi və ya xidmət göstərilməsi zamanı, xüsusilə də yüksək
ödəniş qarşılığında iş və xidmət göstərilərkən icraçı ilə yazılı
müqavilənin bağlanılması tövsiyə edilir.

Trend iş görülməsi və
xidmət göstərilməsi zamanı istehlakçıların hüquqları ilə bağlı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi
şöbəsinin baş məsləhətçisi Jalə Qənbərovanın müsahibəni təqdim
edir:

– İş görülməsi və xidmət göstərilməsi zamanı istehlakçı
və icraçı arasında müqavilənin bağlanması nə üçün
vacibdir?

– İş görülməsi və xidmət göstərilməsi zamanı icraçılarla
istehlakçılar arasındakı münasibətlər bir qayda olaraq
müqavilələrlə nizama salınır. Hər bir müqavilə hüquqi məqsəd
daşıyır və müqavilədə icraçı tərəfindən iş görülməsi, xidmət
göstərilməsi şərtləri öz əksini tapır. Bununla da icraçılar
tərəfindən öhdəliklərin lazımınca icra olunmadığı və ya digər mühüm
qüsurlar aşkar edildiyi hallarda istehlakçılar öz hüquqlarını
bağlanmış yazılı müqavilə əsasında müdafiə edə bilər.

Müqavilə istehlakçı ilə icraçı arasında qarşılıqlı
münasibətləri, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir.
Dövlət orqanları, vəzifəli şəxslər və məhkəmələr tərəfindən bu və
ya digər problem araşdırılarkən, mübahisələr həll edilərkən
tərəflərin öz iradəsini müqavilədə necə əks etdirdiyi əsas
götürülür. Ona görə də istehlakçılara birinci növbədə iş görülməsi
və xidmət göstərilməsi zamanı yazılı müqavilənin bağlanması tövsiyə
olunur. Görülmüş işlərin nəticəsi təqdim edilərkən isə icraçıdan
təhvil-təslim aktını tələb etməli, işin nəticəsini hərtərəfli
yoxlamalıdırlar. Bu və ya digər mal alarkən, iş sifariş edərkən
diqqətsizliyə yol vermək, tələskənlik etmək, müqavilənin şərtləri
ilə yaxından tanış olmamaq maddi zərərə, mənəvi sarsıntılara və
zaman itkisinə səbəb ola bilər.

İstehlakçıların sərbəst şəkildə işi, xidməti, həmin işin,
xidmətin icraçısını seçə bilməsi üçün iş, xidmət barəsində ona
əvvəlcədən məlumat verilməlidir. Verilən məlumatlar yazılı
müqavilədə də öz əksini tapır. Müqavilədə tərəflərin hüquq və
öhdəlikləri, mübahisələrin həlli qaydası, həmçinin, malın, işin və
xidmətin qiyməti, icra müddəti, keyfiyyəti, ödəniş forması,
tərəflərin məsuliyyəti və s. şərtlər qeyd olunur. Bütün bunlar isə
istehlakçılara öz hüquqlarını müdafiə etmək üçün imkanlar
yaradır.

– İş görülməsi və xidmət göstərilməsinə dair müqavilə
şərtləri pozularkən istehlakçının hüquqları və icraçının
məsuliyyəti nədən ibarətdir?

– İş görülməsi və xidmət göstərilməsi ilə bağlı müddəalar
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 9-cu
maddəsində müəyyən olunub. Qanunvericiliyə əsasən, icraçı iş
görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına
vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa
çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək
və dəymiş zərərin ödənilməsini tələb etmək hüququ var.

İş və ya xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə
kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı
həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə
bilər. Bu müddət ərzində də iş və ya xidmət yerinə yetirilməzsə,
istehlakçının müqavilənin ləğv olunmasını və dəymiş zərərin
ödənilməsini tələb etmək hüququ var.

İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi və ya
xidməti pisləşdiribsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol
veribsə, istehlakçı icraçının hesabına qüsurların əvəzsiz olaraq
müvafiq müddətdə aradan qaldırılmasını tələb edə bilər. Bundan
əlavə, istehlakçının bu proses zamanı çəkilən zəruri xərclərin
ödənilməsini, yaxud xidmət haqqının müvafiq surətdə azaldılmasını
tələb etmək hüququ da var.

İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə,
korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə
oxşar əşyasını qaytarmalı, yaxud müvafiq iş görməli və ya xidmət
göstərməlidir. Bu mümkün olmadıqda isə istehlakçının razılığı ilə
əşyanın (materialın) dəyərini ona bir aydan gec olmamaq şərti ilə
ödəməlidir.

İcraçı əşyanın (materialın) korlanmasına gətirib çıxara bilən
xüsusi xassələri barədə istehlakçını xəbərdar etməlidir.

İstehlakçı tərəfindən aşkarlanan qüsurlar müəyyən edilmiş
müddətdə aradan qaldırılmadıqda, habelə işlərin və ya xidmətlərin
yerinə yetirilməsi ləngidildikdə icraçı sifarişçiyə gecikdirilmiş
hər gün üçün dəbbə pulu (cərimə) ödəməlidir. Əgər müqavilədə başqa
məbləğ nəzərdə tutulmayıbsa, dəbbə pulu iş və ya xidmət dəyərinin
bir faizi məbləğində müəyyən edilir.

– İstehlakçı iş görülməsi və xidmət göstərilməsi zamanı
pozulmuş hüquqlarına görə tələblərini hansı müddətdə irəli sürə
bilər?

– Mövcud qanunvericiliyə əsasən, istehlakçının tələbləri işin və
ya xidmətin yerinə yetirilməsi, sifarişçi tərəfindən təhvil
alınması zamanı, habelə zəmanət müddəti dövründə, belə müddət
olmadıqda isə bir il ərzində qüsurlar aşkar edilərkən irəli sürülə
bilər. Zəmanət müddəti işin, xidmətin sifarişçi tərəfindən təhvil
alındığı gündən hesablanır. İstehlakçının təqsiri üzündən iş və ya
xidmət vaxtında qəbul olunmadıqda isə icra üçün müqavilədə müəyyən
edilmiş müddət nəzərə alınır.

İş görülməsi və xidmət göstərilməsi zamanı icraçılar öz
öhdəliklərini lazımınca icra etməli, müqavilədə qeyd olunan icra
müddəti ərzində işlərin görülməsini, xidmət göstərilməsini həyata
keçirməli və qanunvericiliyin tələblərinə uyğun olaraq
istehlakçıların hüquqlarının təmin olunmasına çalışmalıdırlar.

İstehlakçılar iş görülməsi və xidmət göstərilməsi zamanı
rastlaşdıqları pozuntu halları ilə bağlı İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
birbaşa ərizə, rəsmi internet səhifəsi ( https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif),
elektron poçt ([email protected])
və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, istehlakçı hüquqlarının pozulmasına
görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti
daşıyırlar.