
Bakı. Trend:
Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanması və
torpaqlarını azad etməsi regionda yeni reallığın formalaşmasına
səbəb oldu. Bu reallıq əslində regionda sülh və sabitliyə gətirib
çıxaracaq ədalətli vəziyyətlə üst-üstə düşür.
Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk
Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin
professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, Qarabağ qələbəsi ilə ərazi bütövlüyünü əldə edən
və getdikcə regionun güclü aktoruna çevrilən Azərbaycana qarşı əli
zəifləmiş Aİ və ABŞ həmişə olduğu kimi, Ermənistandan istifadə
edərək regionda yeni problemlər yaratmaq istəyirlər.
“Ona görə də Azərbaycanla Ermənistan arasında sülhlə bağlı
Qərbdən qərəzsiz və ədalətli həll gözləmək mümkün deyil. Çünki ABŞ
və Qərb bu məsələdə hakim yox, erməni tərəfi kimi çıxış edir.
Avropa İttifaqı (Aİ), Ermənistan və ABŞ-nin aprelin 5-də Brüsseldə
keçirəcəyi görüşə də bu kontekstdə baxmaq lazımdır. Burada məqsəd
erməni tezisləri ilə bağlı Azərbaycana təzyiq etmək olacaq. Bunun
bir çox əlamətləri var. Məsələn Avropa İttifaqının Ermənistanda
yerləşən mülki missiyası Aİ-nin Ermənistandakı Missiyasına
çevrilir. Eynilə, Aİ üzvləri Fransa və Yunanıstan da hərbi
əməkdaşlığı gücləndirərək Ermənistanı silah və texnika ilə təmin
etdilər. Xülasə, Qərbin məqsədi Azərbaycanla Ermənistan arasında
sülhü təmin etmək deyil. Əksinə, iki ölkə arasında qarşıdurmanı
artırmaqla regionda nüfuz qazanmaqdır.
Qeyri-region dövlətlərinin regiona müdaxiləsini “qırmızı xətt”
adlandıran İranın susmasına gəlincə isə, İran reallıqdan və
həqiqətdən uzaq ənənəvi siyasətinə uyğun olaraq hər addımda
Azərbaycanın regionda yüksəlişinə qarşı mövqe sərgiləyir.
İranın qırmızı xətləri Azərbaycan və Türkiyəyə aiddir. Onun
Ermənistanla bağlı bütün xətləri yaşıldır” “, – deyə M. Yüce
bildirib.





























