Advertisement

Taksilərdə POS-terminal olmalıdır – Yeni TƏLƏB

Bakı. Trend:

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə
olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər
müəyyənləşib.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün
təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq
edilməsi haqqında qərarda əksini tapıb

Taksi minik avtomobillərində sərnişin üçün ön oturacağın cihaz
panelində yaxşı oxuna biləcək şəkildə sürücünün soyadı, adı,
fotoşəkli, eləcə də daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı,
ünvanı, əlaqə nömrəsi, avtonəqliyyat vasitəsinin buraxılış kartının
nömrəsi göstərilən 110×60 mm ölçüdə məlumat lövhəsi olmalıdır (3
nömrəli əlavə).

Taksi minik avtomobilləri gediş haqqının qiymətini müəyyən
etməyə imkan verən taksometr və ya taksometr funksiyalarını yerinə
yetirən proqram təminatı olan mobil cihaz ilə təchiz
edilməlidir.

Taksometr və ya müvafiq proqram təminatını göstərən mobil cihaz
taksi minik avtomobilinin salonunda sərnişinlərin rahat məlumat
almaları üçün uyğun yerdə quraşdırılmalıdır.

Gediş haqqı taksometr və ya taksometr funksiyalarını yerinə
yetirən proqram təminatı vasitəsilə müəyyən olunduqda taksometr və
ya müvafiq proqram təminatını göstərən mobil cihaz taksi minik
avtomobilinin salonunda sərnişinlərin rahat məlumat almaları üçün
uyğun yerdə quraşdırılmalıdır.

Taksi minik avtomobilinin salonu təmiz, səliqəli saxlanılmalı və
xoşagəlməz qoxular olmamalıdır.

Taksi minik avtomobillərində sərnişinlər tərəfindən yaxşı görülə
bilən yerdə daşınma haqqının tarifləri 4 nömrəli əlavədə
göstərilmiş nümunəyə uyğun lövhə şəklində yerləşdirilməlidir.

Taksi minik avtomobilində sərnişinlər tərəfindən yaxşı görünən
yerdə lövhədə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin
olması təmin edilməlidir.

Hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin
daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız
ödəniş üçün POS-terminal olmalıdır.