
Bakı. Trend:
Martın 28-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT
Gənclər Paytaxtı – 2024” Beynəlxalq Proqramının keçirilməsinə dair
Öhdəlik Protokolu imzalanıb.
Trend-in məlumatına görə, sənədi gənclər və idman naziri Fərid
Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti
Taha Ayhan imzalayıblar.
İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira
Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov,
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul
Ömərov, Gənclər və İdman Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı
Gənclər Forumunun nümayəndələri iştirak edib.
Tədbirdən sonra gənclər və idman naziri Fərid Qayıbov və İslam
Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın
iştirakı ilə mətbuat konfransı keçirilib. Qeyd edək ki, İƏT-in
10-cu “Gənclər Paytaxtı” seçilən Şuşa şəhərində islam dünyası
gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək
– elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil
və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox
irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə
tutulub.





























