Advertisement

Türkiyənin İKT şirkətləri Azərbaycanda fəaliyyətini genişləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə iyulun 17-də “Türkiye and Azerbaijan IT & Software Trade Delegation” forumu keçirilib.

APA-Economics” xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi, Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) və “New Generation Management Company” ilə əməkdaşlıq çərçivəsində baş tutan tədbirdə Türkiyənin 15 İKT şirkətinin nümayəndələri iştirak edib.

Tədbirə, həmçinin Azərbaycanın innovasiya sahəsində 10 aparıcı şirkətindən olan nümayəndələr təqdimatla çıxış ediblər. Təqdimatlar zamanı şirkət nümayəndələri öz qabaqcıl təcrübələrini paylaşıblar.

Açılış nitqi ilə çıxış edən İRİA-nın sədr müşaviri Şahin Əliyev türkiyəli qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluq hissi keçirdiyini qeyd edib. O, bugunkü tədbirin də ölkələrimiz arasında İKT və innovasiya sahəsində əməkdaşlığın daha da güclənməsi, iki ölkənin şirkətləri arasında effektiv təmasların artmasını təşviq edəcəyindən əminliyini ifadə edib. Türkiyə tərəfindən çıxış edən nümayəndələr bu forumun əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bugünkü görüş iki ölkənin İKT şirkətləri arasında təcrübə mübadiləsi baxımından mühüm rol oyanacaq.

Daha sonra “Azərbaycanda İnnovasiya” adlı panel müzakirəsi başlayıb. Paneldə “PAŞA Sığorta”, “PAŞA Bank”, “Azercell” və Azərbaycanın digər özəl qurumlarının nümayəndələri çıxış edərək öz xidmət və məhsulları barədə tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Tədbirin ikinci sessiyasında Türkiyə şirkətlərinin təqdimatları baş tutub.

Qeyd edək ki, iyulun 16-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində türk şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Qonaqlar Agentliyin fəaliyyəti haqqında geniş məlumat əldə etmişlər. Türk şirkətlərinin nümayəndələri görüş əsnasında Azərbaycanda yaradılmış biznes mühiti və texnopark proqramına böyük maraq göstərdiklərini bildirərək ölkəmizdə Texnopark rezidentliyi çərçivəsində təqdim olunan güzəştlərin əhəmiyyətini vurğulayıblar. Çıxışlardan sonra hər iki ölkədən olan şirkət nümayəndələri arasında müzakirələr aparılmış, potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə razılıq əldə olunmuşdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında da Türkiyənin 20-yə yaxın aparıcı İKT şirkətindən nümayəndələrin iştirakı ilə analoji tədbir baş tutmuş, hər iki ölkə üçün məhsuldar görüşlər keçirilmişdir. Görüşlərin nəticəsi olaraq artıq Türkiyədən üç şirkətin ölkəmizdə törəmə şirkət açması və burada fəaliyyətə başlaması istiqamətində proseslər gedir.