İyulun 18-də Masallı rayon prokurorluğunun inzibati binasında “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı seminar keçirilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Masallı rayon prokuroru Vəli Mustafayev rayon prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.
Vəli Mustafayev çıxışında prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində gördüyü kompleks işlər barədə məlumat verib, yaşıl dünya naminə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı yaşıl dünya üçün hüquqi tənzimləmələrdən bəhs edərək təbii resurslar və bioloji çeşidliliyin qorunması, tullantıların idarə olunması, enerji effektliliyi və alternativ enerji istehsalı, zərərli kimyəvi maddələrin idarə edilməsi kimi sahələrdə formalaşmış hüquqi strukturlar, normativ əsaslar və hüquqi məsuliyyət tədbirləri barədə məlumat verib.
Seminar zamanı iştirakçılarla faydalı fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
***
11.03
İctimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, iyulun 18-də növbəti “Açıq qapı günü” təşkil edilib.
Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, Masallı rayon prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Tədbir zamanı Masallı rayon prokuroru Vəli Mustafayev və Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı danışıb.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə əyani olaraq tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Sonda xatirə fotoşəkli çəkdirilib.
























