Advertisement

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurub (FOTO)

Bakı. Trend:

Bakıda kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu”
beynəlxalq turnirinin qalibləri müəyyənləşib.

Trendİdman.biz-ə istinadən
xəbər verir ki, 5 gün davam edən yarışda 11 ölkənin 121 idmançısı
qüvvəsini sınayıb.

Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman
naziri Fərid Qayıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri,
Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də
izləyib.

Yığmamızın heyətində həlledici görüşdə Həsən Məlikov (48 kq)
qazaxıstanlı Temirtaş Jussupovla qarşılaşıb. Rəqibini 3:2 (30:27,
28:29, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edən boksçumuz qızıl
medala sahib olub.

57 kq-da Şamil Əsgərov da fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. İlk raunddan sonra Xudoynazar Fayzovun (Özbəkistan)
döyüşdən imtina etməsi səbəbindən boksçumuz qalib adına
yiyələnib.

Onların uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Avropa
Oyunlarının mükafatçısı finalda Abdullah Madaminovdan (Özbəkistan)
güclü olub – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Digər boksçularımızdan Əzrək Bəbirov (60 kq), Murad
Allahverdiyev (86 kq) və Alfonso Dominqes (92 kq) ikinci yeri
tutublar.

Təltifolunma mərasimində Azərbaycan Boks Federasiyasının
prezidenti Sahil Babayev və gənclər və idman naziri Fərid Qayıbov
da iştirak ediblər. Onlar müvafiq olaraq, 48 kq və 57 kq çəkidə
qalibləri mükafatlandırıblar.

Beləliklə, Azərbaycan yığması “Böyük İpək Yolu”nu 21 medalla
başa vurub. Komandamızın heyətində daha öncə Marjona Savriyeva (50
kq), Zeynəb Rəhimova (54 kq) birinci, Mehparə Məmmədova (48 kq),
Günel Rəhimova (50 kq), Lalə Namazlı (63 kq) ikinci, Anaxanım
İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva,
Aysu Dərvişova (hər ikisi 60 kq), Malik Həsənov (63,5 kq), İlqar
Salahov (67 kq), Kamran Şahsuvarlı, Mirşərif Kazımzadə (hər ikisi
75 kq), Sərxan Budaqovla (80 kq) və Məhəmməd Abdullayev (+92 kq)
üçüncü olub.

Millimiz 5 qızıl, 6 gümüş və 10 bürünc medalla komanda hesabında
ikinci yeri tutub. Birinci yerdə Özbəkistan (5-7-6) qərarlaşıb,
“üçlüy”ü isə Qazaxıstan (3-2-1) qapayıb.

Turnirdə Şamil Əsgərov (Azərbaycan) ən yaxşı boksçusu, Nəsrəddin
Məmmədov (Azərbaycan) ən yaxşı hakim seçilib.