
Bakı. Trend:
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova
TÜRKSOY tərəfindən Türkmənistanın Anev şəhərinin 2024-cü il Türk
Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi ilə əlaqədar açılış
mərasimində iştirak edib. Açılış mərasimi Türkmənistanın Ahal
vilayətində təşkil olunan silsilə mədəniyyət və incəsənət
tədbirləri ilə keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə həmçinin,
Türkmənistanın baş nazirinin müavini Mihricemal Mamedova,
Türkmənistanın xarici işlər naziri Raşid Meredov, Türkmənistanın
mədəniyyət naziri Atageldi Şamuradov, TÜRKSOY-un baş katibi Sultan
Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek
Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev,
Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini
Serdar Çam, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya
nazirinin müavini Yerbol Alikulov, Qırğızıstan Respublikasının
mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin
müavini Marat Tagayev, Özbəkistan Respublikasının mədəniyyət
nazirinin müavini Murodjon Macidov, Macarıstanın millətvəkili Peter
Hoppal, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri
Serkan Kayalar və Türk Dünyasından çox sayda qonaq iştirak
edib.
Tədbirin açılışında Türkmənistanın Baş nazirinin müavini
Mahricemal Mamedova Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun
tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Tədbirdə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi
Sultan Raev Anev şəhərinin və bu torpaqların türkmən xalqının
müqəddəs vətəni, böyük türkmən tarixinin və bənzərsiz mədəni
irsinin mərkəzi olduğunu vurğulayıb. S. Raev bildirib ki, bu il
TÜRKSOY tərəfindən doğumunun 300 illiyi münasibətilə Türk
Dünyasında milli türkmən ədəbiyyatının klassiki, böyük şair
Məhdimqulu Fəraqi ili elan olunub.
Daha sonra səhnə Türk Dünyasının sənətçilərinə verilib. Türk
coğrafiyasının müxtəlif bölgələrindən – 9 ölkədən 650-dən çox
sənətçi Türk xalqlarının rəngarəng rəqslərini və musiqisini ifa
ediblər.





























