Advertisement

Serbiya Azərbaycan-Aİ “yaşıl” dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir

Bakı. Trend:

Serbiya Azərbaycan-Aİ “yaşıl” dəhlizinin yaradılması təşəbbüsünü
diqqətlə izləyir.

Bu barədə Trend-ə Serbiya Respublikasının Dağ-Mədən Sənayesi
Nazirliyindəki mənbədən bildiriblər.

“Serbiya ötən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
arasında Qara dənizin dibi ilə yeni sualtı kabel vasitəsilə Avropa
İttifaqına “yaşıl” enerjinin tədarükü haqqında imzalanmış saziş
kimi regionda bazarların qarşılıqlı fəaliyyətinin
yaxşılaşdırılmasına və enerji təhlükəsizliyinin artmasına imkan
yarada biləcək bütün təşəbbüsləri diqqətlə izləyir”, – deyə
idarədən bildiriblər.

Mənbə qeyd edib ki, “yaşıl” enerji sahəsində əməkdaşlıq,
həmçinin, “təmiz” enerjiyə keçid prosesində əməkdaşlıq, o cümlədən,
bərpa olunan enerji mənbələrinə (BEM) investisiyalar və enerji
infrastrukturunun inkişafı üçün yeni imkanlar açır.

“Serbiya Aİ-nin karbon neytrallığının əldə edilməsi üzrə
yanaşmasına ortaqdır. Strateji sənədlərin hazırlanması və
qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə BEM-dən yeni
enerji imkanlarının formalaşması üçün şəraitin yaradılması üzərində
çalışırıq ki, bu da gələcəkdə enerji müstəqilliyimizə və enerji
təhlükəsizliyimizə mühüm töhfə verəcək”, – deyə agentliyin müsahibi
bildirib.

Mənbə qeyd edib ki, Serbiya, həmçinin, kifayət qədər baza
yüklənməsinin təmin edilməsi üçün müxtəlif variantları, o cümlədən,
keçid enerji mənbəyi qismində qazdan istifadə edən elektrik
stansiyalarının tikintisi imkanını araşdırır.

“Yeni istehsal imkanlarına investisiyalar və enerji
səmərəliliynin artırılmasına investisiyalarla yanaşı, tədarüklərin
təhlükəsizliyinin artması, yeni BEM imkanlarının inteqrasiyası və
regionda elektrik enerjisi bazarının inkişafı üçün həlledici
əhəmiyyət kəsb edən Trans-Balkan dəhlizi kimi layihələr vasitəsilə
qonşu ölkələr istiqamətində elektrik ötürmə sistemlərinin inşası
əsas prioritetdir”, – deyə mənbə əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,
Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan
Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş
imzalanıb.

Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000
meqavatt gücündə “Black Sea Energy” sualtı elektrik kabelinin
inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan “yaşıl”
elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya
və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli
üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər “yaşıl” enerji
tədarükünü təşkil etməyə imkan verəcək.

X:
@Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)