
Bakı. Trend:
Qədim zamanlardan Türk ölkələrinin və xalqlarının tarixi
keçmişində çoxlu təmas nöqtələri olmuş və bu, oxşar mədəniyyətin,
adət-ənənələrin təzahürünə yol açmışdır. Bizim ortaq köklərimiz,
zəngin irsimiz – dastanlarımız, dahi şəxsiyyətlərimiz, adətlərimiz,
musiqimiz, ədəbiyyatımız var, ən əsası isə bütün bunlar dünya
mədəniyyəti xəzinəsində özünə yer tapmaqdadır. Məsələn,
Macarıstanda Türk izləri, Azərbaycanda skif-sak irsi, Qazaxıstanda
“Qızıl adam” xəzinələri, Türkiyədə Osmanlı imperiyasının yüksəlişi,
Özbəkistanın qədim mədəniyyətə malik şəhərləri, ümumtürk
ədəbiyyatının incisi sayılan Qırğızıstanın “Manas” dastanı və
s.
Trend-in TurkicWorld-ə istinadən
məlumatına görə, bu qiymətli irsi gələcək nəsillərə ötürmək bizim
borcumuzdur. İnsanların mənəvi zənginləşməsi üçün mədəniyyətə
ehtiyacı olduğu kimi, mədəniyyətə də qayğı və mühafizə ilə yanaşmaq
lazımdır. Yeni nəsillər bunu bilməli, mənimsəməli, fəaliyyətlərində
ona əsaslanmalıdırlar.
Missiyası zəngin Türk mədəni irsinin tədqiqi, araşdırılması,
qorunması olan Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan
Prezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlət
başçılarının dəstəyi ilə yaradılmış gənc təşkilatdır. Macarıstan
təşkilata müşahidəçi ölkə kimi qoşulub.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı
Raimkulovanın qeyd etdiyi kimi: “Türk Mədəniyyəti və İrsi Fondu
fəaliyyət göstərdiyi müddət ərzində Türk xalqlarının zəngin
tarixin, milli-mənəvi dəyərlərin təbliği sahəsində bir çox müxtəlif
layihələr həyata keçirib. Təşkilat kitablar nəşr edir, görkəmli
tədqiqatçı alimlərin iştirakı ilə konfranslar, dəyirmi masalar,
sərgilər keçirir, həmçinin Türk Dünyasının maddi mədəniyyət
abidələrinin bərpası sahəsində işlər aparır.
Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi Türk
Dünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və milli
dəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərin
yayımlanacağı “Turk Discovery” YouTube platformasının
yaradılmasıdır. Bu genişmiqyaslı layihə Türk xalqlarının
sərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə vermək
məqsədilə həyata keçirilir. Bu, müasir və effektiv yanaşmadır,
çünki biz dinamik inkişaf edən dünyada yaşayırıq. Xüsusi vurğulamaq
istərdim ki, Fond YouTube platforması ilə yanaşı, TikTok,
Instagram, Facebook və s. kimi onlayn platformalarda Türk
ölkələrinin maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş məzmunu
fəal şəkildə təbliğ edir. Əminəm ki, tamaşaçılar “Turk Discovery”ni
böyük maraqla qarşılayacaqlar”.
Layihənin rəhbəri və “siması” Fondun dəvəti ilə tanınmış
Qazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanın
komandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.
“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türk
bayramının dirçəlişi” sənədli filmidir (Filmə “Turk Discovery”
layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5
linkindən baxmaq olar).
Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanın
dövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri Təşkilatı
Ağsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupu
Özbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərin
əksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixi
yerlərində aparılıb. Filmdə hər bir Türk ölkəsində Novruz
bayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihənin
məqsədi Türk xalqları arasında həmrəyliyi daha da
gücləndirməkdir.
Layihə komandası maraqlı və keyfiyyətli məzmun yaratmaq üzərində
işləməyə davam edir. Hazırda Mahmud Kaşqarinin Türk ləhcələrinin
toplusu olan “Divani lüğət it-türk” adlı əsərindən bəhs edən
sənədli film hazırlanır. Qeyd edək ki, bu toplunun 950 illiyi
2024-2025-ci illər üzrə YUNESKO çərçivəsində qeyd olunur.





























