Advertisement

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakıətrafı
sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına
başlanılır.


Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC
məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2024-cü il 27 mart tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti
üzrə subsidiya verilməsi Qaydaları” subsidiya məbləğinin
hesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dair
prosedur qaydasını və tələbləri müəyyən edir.

Müvafiq qərar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron
dairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamil
olunur.

ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətinin
maliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinliklərini
qismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz,
rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.

Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa,
Almaniya, həmçinin Avropa İttifaqının digər ölkələri dəmir yolu
sərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətli
təcrübəyə malikdir. Artıq bu təcrübənin ölkəmizdə də tətbiq
edilməsinə başlanılır.