
Bakı. Trend:
2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən
atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci
illə müqayisədə 34,5 min ton çoxalaraq ümumilikdə 965,1 min ton
təşkil edib ki, onun da 85,0 faizi və ya 820,8 min tonu
avtomobillərdən atılan tullantıların payına düşüb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən xəbərə görə,
avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb,
stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz
azalıb.
Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye
mərkəzlərindən olan Bakı şəhərində 21,1 min ton, Sumqayıt şəhərində
0,9 min ton azalıb, Mingəçevir şəhərində isə 0,2 min ton artıb.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə
yaranan zərərli maddələrin 67,3 faizi təmizləyici qurğular
vasitəsilə tutularaq zərərsizləşdirilib. Atmosferə atılan zərərli
maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində
texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici
qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə
il ərzində 85,2 min ton zərərli maddələrin atılmasının qarşısı
alınıb.
Bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5
faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini
azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə
digər çirkləndirici maddələr təşkil edib.





























