
Bakı. Trend:
Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin
qurulmasının 32-ci ildönümü münasibətilə ölkəmizin Kubadakı
səfirliyinin təşkilatçılığı ilə Havana şəhərində konsert təşkil
olunub.
Səfirlikdən Trend-ə bildirilib ki, tədbirdə çıxış edən ölkəmizin
Kubadakı səfiri Ruslan Rzayev Azərbaycan ilə Kuba arasında
münasibətlərin möhkəm tarixi dostluğa söykəndiyini, Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra da Kuba ilə dostluq
əlaqələrinin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə
önəm verdiyini diqqətə çatdırıb. Səfir 2007-ci ildən Kubanın
Azərbaycanda səfirliyinin təsis olunduğunu, həmin il ölkəmizin də
Havana şəhərində diplomatik ofisinin açıldığını və 2022-ci ilin
sonlarından etibarən Azərbaycanın Kubada səfirliyinin fəaliyyətə
başladığını bildirib.
R.Rzayev son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan
müsbət dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli
səfərlərdən danışaraq ölkələrimiz arasında əlaqələrin daha da
inkişaf etməsi üçün geniş imkanların olduğunu vurğulayıb. 2023-cü
ildə ilk dəfə olaraq Azərbaycan və Kuba XİN-ləri arasında siyasi
məsləhətləşmələrin baş tutduğunu qeyd edən səfir, bunun da öz
növbəsində ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə
təkan verdiyini söyləyib və ölkəmizin Kuba ilə müxtəlif sahələrdə
əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Daha sonra tədbir Azərbaycan Respublikasının Əməkdar artisti
maestro Ceyhun İsmayılovun ifasında Azərbaycan, Kuba, eləcə də
dünya musiqisinin müxtəlif əsərlərindən ibarət konsert proqramı ilə
davam edib.
Konsertdə, habelə kubalı musiqiçi Laura Valdivianın iştirakı ilə
Azərbaycan və Kuba musiqilərinin birgə ifası da səsləndirilib.
Tamaşaçıların böyük marağına səbəb olan konsert gurultulu
alqışlarla qarşılanıb.





























