Advertisement

ABŞ-Aİ-Ermənistan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi təsir edə bilər – RƏY

Bakı. Trend:

Bu günə kimi Azərbaycanla olan sərhəddə yerləşdirilən Aİ
missiyasının əsl məqsəd və məramı hələ də məlum deyil. Niyə Avropa
İttifaqı daha əvvəllər bu sərhədlərin təhlükəsizliyindən narahat
olmurdu?! Bu missiyaçılığın özü birbaşa ikili standartlardan xəbər
verir, niyə Azərbaycanın sərhədyanı bölgədə yaşayan əhalisi 30 il
müddətində minadan, erməni terrorundan əziyyət çəkəndə Aİ-nin
missiyaçılıq mövqeyini görmədik? Bu, insan haqlarına olan
hörmətsizlikdir.

Bunu Trend-ə Milli
Məclisin deputatı Müşfiq İskəndərov deyib.

O bildirib ki, indi regionda vəziyyət dəyişib, Aİ Ermənistanı
ələ almağa çalışır.

“Bu ilin aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyan,
Avropa Komissiyasının sədri Ursula von der Lyayen və ABŞ dövlət
katibi Entoni Blinken Brüsseldə görüşəcəklər. Düşünürəm ki, bu
görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə
bilər. Çünki bu ölkələrin Ermənistana hərbi yardımın göstərilməsi
planları və aprelin 5-də keçiriləcək toplantının hərbi
komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq
doğurur və regionda sülh quruculuğu səylərinə ciddi xələl gətirir”,
– deyə deputat qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Qərb Azərbaycanın yaratmağa
çalışdığı inteqrasiya olunmuş, əməkdaşlıq mühitinin formalaşdığı
Cənubi Qafqazı militarizasiya olunmuş və silah-sursatla
doldurulmuş, barıt çəlləyini xatırladan regionla əvəzləməyə
çalışır.

“Bu prosesdə Ermənistan tarixi ənənəsinə uyğun olaraq, vasitə
qismində çıxış edir. Çünki bütün bunlar Qafqazda yeni münaqişə
ocağı yaratmaq məqsədinə xidmət edir. Bəzi Qərb dövlətlərinin
Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyətləri var. Əgər Qərb bu
görüşdə Ermənistanla hərbi pakt imzalasa, regionda qeyri-sabitlik
hökm sürəcək. Pakt regionda sabitliyin və sülhün bərqərar olmasına
qarşı yönələcək.

Ermənistan bölgədə münaqişə vəziyyəti yaratmaq, yeni cəbhə açmaq
məsələsində Qərbin əlində bir vasitəçi rolunda çıxış etməkdədir.
Ona görə də aprelin 5-də nəzərdə tutulan görüş məhz Ermənistanın
əli ilə ikinci bir münaqişə ocağını alovlandırmaq məqsədinin tərkib
hissəsidir. Qərb öz mənfəəti naminə Cənubi Qafqaz xalqlarının
faciəsinə səbəb olacaq addımlar atır”, – deyə deputat əlavə
edib.