
Bakı. Trend:
29 mart 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük
Hospitalının və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar
Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beyin ölümü diaqnozunun
təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi
Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti
general-mayoru Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis
müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük
Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri, t.ü.f.d. Yeganə Abbasova, Azərbaycan Reanimatoloqlar və
Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova,
həkimlər, reanimatoloqlar və tibb işçiləri iştirak ediblər.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar
həkim Ceyhun Məmmədov çıxış edərək, çox vacib və önəmli mövzuya
həsr edilmiş bu tədbirin təşkili üçün Səhiyyə Nazirliyinin
Transplantasiya Mərkəzinə və Azərbaycan Reanimatoloqlar və
Anestezioloqlar Cəmiyyətinə təşəkkürünü bildirib.
Ceyhun Məmmədov 2021-ci ildə Azərbaycan alimi, tibb elmləri
doktoru Fəxrəddin Cavadovun 70 illiyinə həsr olunmuş, daha sonra
2022-ci ildə beyin ölümünə həsr olunmuş belə bir tədbirin
keçirilməsini, ötən il isə böyük marağa səbəb olan Dəyirmi masanın
keçirilməsini də xatırladıb, qeyd edib ki, bu mövzu hazırda çox
aktualdır və transplantologiyada beyin ölümü diaqnozunun nə vaxt,
hansı hallarda və kim tərəfindən qoyulması çox mühüm məsələdir. Bu
sahədə çoxlu suallar var ki, bugünkü seminarda bu barədə fikirlər
səslənəcək, müzakirələr aparılacaq, insanları düşündürən suallar
cavablandırılacaq. Ceyhun Məmmədov qeyd edib ki, son vaxtlar
Transplantologiya Mərkəzinin mütəxəssislərinin səyləri nəticəsində
beyin ölümü diaqnozu qoyulmağa başlayıb və artıq Mərkəzi Gömrük
Hospitalında da belə bir diaqnoz qoyulmuşdur.
Daha sonra rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə
Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə
Abbasova və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar
Cəmiyyətinin sədri, t.ü.f.d. Zəhra Vəzirova da mövzunun
aktuallığına dair fikirlərini bölüşərək, Tibbi Xidmət İdarəsinin
rəhbərliyinə mühüm əhəmiyyətli mövzulara dair həyata keçirilən
davamlı tibbi təhsil tədbirlərinə görə təşəkkür ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri, t.ü.f.d. Yeganə Abbasova bildirib ki, hazırda orqan
köçürülməsi əməliyyatının icrasını gözləyən bir çox xəstələr üçün
donor tapılmasında beyin ölümü diaqnozunun qoyulmasına böyük
ehtiyac var. Bu işdə reanimatoloqların üzərinə düşən işləri xüsusi
qiymətləndirən Y.Abbasova qeyd edib ki, bugünkü seminardan sonra bu
işin başlanması gözlənilir və həkimlər orqan gözləyən
pasiyentlərinə köməkliklərini göstərə biləcək.
Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin
sədri, t.ü.f.d. Zəhra Vəzirova çıxışında beyin ölümü diaqnozunun
qoyulmasını çox dərin və etik cəhətdən mürəkkəb mahiyyətə malik
olduğunu bildirərək, buna incə yanaşmaq lazım olduğunu deyib. Belə
ki, hər bir ölümün arxasında bir ailə, mərhumun yaxınları vardır,
onun həyatının bir unikal hekayəsi vardır və həmin anlarda bu çətin
vəziyyətdə olan insanlara da dəstək olmalıyıq ki, bu onlar üçün çöx
önəmlidir.
Rəsmi hissədən sonra seminarın elmi hissəsi öz işinə başlayıb.
Elmi hissədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan
transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah,
transplantoloq Dr. Mircəlal Kazımi “Beyin ölümü diaqnozunun klinik
əhəmiyyəti”, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin
sədri, t.ü.f.d. Yeganə Abbasova “Beyin ölümünün diaqnostikası və
təsdiq metodları”, Mərkəzi Gömrük Hospitalının
anestezioloq-reanimatoloqu Dr. Mehdi Əliyev “Beyin ölümü
diaqnozunun qoyulmasına praktik yanaşma və təcrübəmiz” və Mərkəzi
Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Dr.
Eldəniz Hüseynov “Beyin ölümü diaqnozunun təyinində instrumental
diaqnostik müayinələrin yeri” mövzularında təqdimatlarla çıxış
ediblər. Seminar zamanı auditoriyanı maraqlandıran suallar
cavablandırılıb və real klinik hallara dair müzakirələr həyata
keçirilib.
Ölkənin müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan
transplantoloq, anestezioloq-reanimatoloq, radioloq və ümumi cərrah
ixtisasına malik həkimlər və rezidentlərin iştirak etdiyi seminar
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil
üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında
akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.





























