Advertisement

Rusiya və Ermənistan arasındakı münasibətlər artıq münaqişə səviyyəsindədir – ŞƏRH

Bakı. Trend:

Rusiya və Ermənistan arasında narazılıqlar artıq neçə müddətdir
ki, davam edir.

Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab
Rzayev bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər artıq münaqişə
səviyyəsindədir və bir-birinə qarşı əks siyasi addımlar
atırlar.

“Xüsusilə Ermənistan Rusiyadan uzaqlaşır, bağladığı
müqavilələrin şərtlərini yerinə yetirmir və Qərbə yaxınlaşmaq
istəyir. Bir sözlə, Ermənistan Rusiyaya qarşı istədiyi kimi hərəkət
edir, bu da münasibətlərdə ziddiyyətlərin dərinləşməsinə gətirib
çıxarır. Rusiyanın hərbi bazasını, hava sərhədlərini Ermənistandan
çıxarmaq kimi məqsədləri var.

İndiyə qədər Rusiya bunu anlasa da, ölkələr arasında
münasibətləri pozmaq istəmirdi. Müəyyən mesajlarla və təzyiqlə
bunun qarşısını alırdılar. Lakin iki ölkə arasında vəziyyət o qədər
gərgindir ki Rusiya bunu gizlətməyə ehtiyac duymur. Açıq şəkildə
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında
iştirakını dondurması, İrəvan aeroportundan rusiyalı hərbçiləri
çıxarması göstərir ki, iki ölkə arasında bağlar qopmaq üzrədir.
Bunun üçün dəridən-qabıqdan çıxan Qərbin Paşinyana verdiyi müxtəlif
təlimatlar əsas rol oynayır.

Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
açıq şəkildə bildirdi ki, onlar Ermənistanı iqtisadi cəhətdən
blokadaya ala bilərlər. Ermənistan büdcəsi, demək olar ki, Rusiya
iqtisadiyyatından asılıdır”, – o deyib.