Advertisement

ABŞ, Aİ və Ermənistanın iştirakı ilə keçiriləcək görüş qaranlıq məqsədə xidmət edir – ŞƏRH

Bakı. Trend:

Hazırda dünya düzənində bir-birindən maraqlı və eyni zamanda,
təhlükəli proseslər baş verməkdədir. Bu proseslərin mərkəzində isə
Qərbin hər zaman müharibə tərəfdarı olan bəlli dairələri, xüsusilə
Birləşmiş Ştatlar dayanır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
İskəndərov deyib.

O qeyd edib ki, əslində, məsələyə Birləşmiş Ştatların dünyaya
baxış prizmasından yanaşsaq, burada təəccüblü heç bir şey
yoxdur:

“O mənada ki, ABŞ-nin bütün siyasətinin ana xəttini xarici
ölkələrdə, o cümlədən, dünyanın fərqli regionlarında müharibələr,
süni qarşıdurmalar, etnik, dini və milli toqquşmalar təşkil etmək,
sonra isə orada özünü qəhrəman kimi göstərmək təşkil edir. ABŞ-nin
məhz bu kontekstdə növbəti hədəfi isə Cənubi Qafqazdır. ABŞ öncə
Cənubi Qafqazı müharibə meydanına çevirmək, sonra isə hərbi
baxımdan burada peyda olmaq istəyir. Təəssüflər olsun ki, bizim
regionda bu siyasəti reallaşdırmaq üçün ABŞ “sapı özümüzdən olan
balta”dan, yəni bu regionun ölkəsi olan Ermənistandan istifadə
edir”.

Deputatın sözlərinə görə, Rusiyanın dəstəyi ilə yaranan, uzun
bir dövrdə Moskvanın buyruq qulu olan Ermənistan artıq ağasını
dəyişmək qərarına gəlib və indi də Qərbdə isti qucaq axtarır:

“ABŞ da ermənilərin bu xislətindən, Ermənistanın yeni isti qucaq
axtarmaq istəyindən öz maraqları üçün yararlanmaqdadır. Hesab
edirəm ki, aprelin 5-də ABŞ, Aİ və Ermənistanın iştirakı ilə
keçiriləcək görüş də bu qaranlıq məqsədə xidmət edir. Yəni ABŞ
başda olmaqla, Qərb indi də Cənubi Qafqazı müharibə meydanına
çevirmək niyyətindədir. Region ölkələri bu təhlükənin qarşısını
almalı, Cənubi Qafqaza ABŞ əsgərinin ayağının dəyməsinə imkan
verməməlidir”.