Advertisement

Dubayda birdəfəlik paketlərdən istifadə edənlər cərimələnəcək

Bakı. Trend:

2024-cü il iyunun 1-dən Dubayda həm plastik, həm də kağızdan
hazırlanan birdəfəlik paketlərin istifadəsinə tam qadağa qüvvəyə
minəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, hazırda
supermarketlər birdəfəlik plastik paket üçün 25 fils tələb etsə də,
üç ay ərzində onlar tamamilə qadağan olunacaq.

Bununla belə, mağazalardan müştərilərə pulsuz alternativlər
təqdim etmək tələb olunmur. Müştərilərə təkrar istifadə edilə bilən
alış-veriş çantaları gətirmələri tövsiyə olunur. Qadağan edilmiş
çantalar arasında mikroplastiklərin qalığı olan bioloji parçalana
bilən torbalar da var.

Yeni qaydalar çörək, tərəvəz, ət, balıq və toyuq məmulatlarının
qablaşdırılması, zibil qutuları və camaşırxana çantaları, eləcə də
internet vasitəsilə alınan elektron cihazların və məhsulların
qutularına şamil edilməyəcək.

Birdəfəlik çantalardan istifadə etməyə davam edənlər təkrar
pozuntulara görə ikiqat məbləğdə 200 dirhəm cərimə olunacaq.
Alıcılardan xahiş olunub ki, qanun pozuntuları barədə Dubayın
İqtisadiyyat və Turizm Departamentinə məlumat versinlər.

2025-ci il yanvarın 1-dən kokteyl çubuqları, fincanlar və hətta
plastik pambıq çubuqlar da qadağan ediləcək. 2026-cı il yanvarın
1-dən isə plastik yemək qabları, plastik içki stəkanları və
qapaqlarının satışına və istifadəsinə qadağa qüvvəyə minəcək.
Qadağaya təkrar emal olunmuş materiallardan hazırlanmış çantalar,
eləcə də ixrac üçün malların qablaşdırılması üçün istifadə olunan
polietilen daxil deyil.