
Abu-Dabi-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Orxan
Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya
vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan
məlumatlar yayımlanıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin
yaydığı məlumatda deyilir.
Bildirilib ki, martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə sərnişin
qismində gələn Orxan Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun
T2 Terminalının gəliş zalında yerləşən gömrük nəzarəti zonasından
keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış
keçirilib:
“Monitorda əks olunan görüntülərə əsasən Orxan Bayramlı əl
yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və
şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə
satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı
keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə
əməl etməyən Orxan Bayramlı nümayişkaranə şəkildə gömrük
nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük
nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə
edib.
Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq, vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin
pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində
olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə
alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını
hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə
ictimailəşdirib.
Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və
Bayramlı Orxan Çingiz oğlu barəsində akt tərtib olunaraq Hava
Nəqliyyatında Polis İdarəsinə təhvil verilib”.
Baş verən hadisənin təfərrüatını videogörüntülərdən izləmək
olar:





























