
Bakı. Trend:
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının son 1 ay ərzində
keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi
və kultivasiyası ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan Trend-ə
verilən məlumata görə, onlardan heroin, marixuana, eləcə də
kultivasiya edilərək yetişdirilən çətənə bitkiləri aşkarlanıb.
Saxlanılanların bir neçəsi əvvəllər də analoji cinayət
törətdikləri üçün məhkum olunublar.
Həyata keçirilən digər tədbirlər zamanı oğurluq edən rayon
sakinləri – əvvəllər məhkum olunmuş İlkin Məmmədov və Anar Osmanov
saxlanılıblar.
Onların rayon ərazisində xırdabuynuzlu heyvanlar oğurlamaqda
təqsirli bilinirlər.
A.Osmanov və İ.Məmmədov heyvanları Qəbələ rayonuna apararaq
orada satdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar
aparılır.

























