Advertisement

Qazaxıstan Orta Dəhlizin çatışmazlıqlarının aradan qaldırılması üçün tədbirlər görür – Nəqliyyat nazirinin müavini (ÖZƏL)

Bakı. Trend:

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və
ya Orta Dəhliz) çatışmazlıqlarının aradan qaldırılması üçün
tədbirlər görür.

Bu barədə Trend-ə Qazaxıstanın nəqliyyat nazirinin müavini
Satcan Ablaliyev Bakıda keçirilən 2-ci Azərbaycan-Qazaxıstan
İşgüzar Şurasının 2-ci iclası çərçivəsində deyib.

“Orta Dəhliz ölkələrimizin qarşılıqlı fəaliyyəti və Çindən gələn
yüklərin Avropaya çıxışı baxımından çox vacib nəqliyyat
marşrutudur. Bu marşrutun ötürücülük qabiliyyətinin
genişləndirilməsi baxımından çatışmazlıqların aradan qaldırılması,
eləcə də dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün
müxtəlif tədbirlər görürük”, – deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, “Qazaxıstan Dəmir Yolları” Səhmdar
Cəmiyyəti artıq TBNM ilə yük daşımalarını artırmaq üçün ikinci
yolların tikintisi üzrə bir sıra layihələr həyata keçirməyə
başlayıb.

“Həmçinin Çinlə sərhəddə yeni yol inşa etməyə başlamışıq. Bu
tədbirlər çatışmazlıqların aradan qaldırılması üçün görülür. Almatı
şəhərində yolu təxminən bir sutka qısaldan dolama dəmir yolu
tikilir. Bundan başqa, avtomobil yol nəqliyyatı sahəsində bir çox
layihələr həyata keçirilir. Dəmir yolları ilə yanaşı avtomobiil
yollarının inkişaf etdiyini görürük. Bu səbəbdən bir sıra yolların
texniki kateqoriyasının genişləndirilməsi üzərində çalışırıq”, –
deyə S.Ablaliyev qeyd edib.

Bundan başqa, nazir müavini Qazaxıstan, Azərbaycan və Gürcüstan
arasında dəhlizlə daşınmalar üçün vahid pəncərə təmin edəcək birgə
müəssisənin yaradılacağını qeyd edib.

“Müəssisə bu il işə salınmalıdır. Bu, iş adamları üçün dəhlizlə
malların daşınmasında böyük rahatlıq yaradacaq. Həmçinin Orta
Dəhlizin rəqəmsallaşması istiqamətində işlər görülür. Biz bütün
fiziki və qeyri-fiziki maneələri aradan qaldırmaq və
sənədləşdirməni maksimum yerləşdirmək istəyirik”, – deyə
S.Ablaliyev əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun