Advertisement

Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur – Səbinə Əliyeva

Bakı. Trend:

Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən
narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə
qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem
aktuallığını qorumaqdadır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycanda
psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin
hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı
bildirib.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan
əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib
məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya
xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi
də mövcuddur. Respublika Narkoloji Mərkəzinə tərəfimizdən ötən il
həyata keçirilmiş başçəkmə zamanı həmin gün üçün 2.000 pasiyentin
Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum olmuşdur. Bu
məsələyə diqqəti çəkərək narahatlığımı bildirir, aidiyyəti
qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram.

Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ
asılılıqlarla – narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan
çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da,
onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə
bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada
reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə
yaradan hallara gətirib çıxarır”, – deyə Ombudsman bildirib.