Advertisement

Kitabxana işi sahəsində BDU-nun kadr hazırlığı çox önəmli fəaliyyətdir

Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Milli Kitabxanasının xüsusi auditoriyasının açılış mərasimi olub.

APA xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli deyib ki, Bakı Dövlət Universitetinin və Azərbaycan Milli Kitabxanasının qarşılıqlı əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihə elm, təhsil, mədəniyyət sahələri üçün çox önəmlidir:

“Bu gün hər birimiz üçün doğma olan, təhsilimizin flaqmanı kimi çıxış edən Bakı Dövlət Universitetində vacib bir günü qeyd edirik. Mədəniyyət Nazirliyi olaraq elmin, təhsilin inkişafı bizim prioritet sahələrimizdən biridir. Ona görə də bu sahələrə dəstək verilməsi üçün ciddi işlər aparılır. Biz bu gün gördük ki, böyük bir tarixə malik Bakı Dövlət Universiteti forma baxımından müasir çalarlar əldə edib. Bakı Dövlət Universiteti 100 ildən çoxdur, fəaliyyət göstərərək Azərbaycan elminə, mədəniyyətinə böyük töhfələr verib. Bu universitetdə elmi tədqiqatlar, təhsil üçün çox möhtəşəm şərait yaradılıb və düşünürəm ki, dünya universitetləri arasında xüsusi yer almaqdadır”.

Layihə barədə danışan nazir qeyd edib ki, bu, universitetə daha yaxından dəstək verilməsi məqsədilə bu icra edilib:

“Kitabxana işi sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, islahatlar çərçivəsində, xüsusilə, BDU tərəfindən kadr hazırlığı çox önəmli fəaliyyətdir. Düşünürəm, bu çərçivədə də bizim əməkdaşlığımız, fəaliyyətimiz qarşılıqlı əməkdaşlığımız çox geniş istiqamətlərdə davam edəcək. Bu gün hər birimiz çox fəxrlə, qürurla bu mənzərənin şahidi oluruq. Tələbələrimiz və elmimiz üçün bu layihələr faydalı olacaq”.