
Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin İran konsulluğuna
endirdiyi zərbə ilə əlaqədar iclas keçirəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının BMT-dəki
daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan sonra
iranlılar BMT Təhlükəsizlik Şurasına bu hərəkəti pisləmək tələbi
ilə müraciət ediblər. İranlıların məktubunun ardınca biz BMT
Təhlükəsizlik Şurasının açıq iclasını tələb etdik. İclas aprelin
2-də Nyu-York vaxtı ilə saat 15:00-a planlaşdırılıb”, – Polyanski
bildirib.
Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11
nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi
və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.





























