Advertisement

Ölkənin lider mobil operatoru hədəflərinə doğru əzmlə addımlayır (VİDEO)

Bakı. Trend:

Rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biri, sürətli
texnoloji inkişafın gələcək perspektivlərinə və çağırışlarına dair
strateji baxışa malik Azercell 2023-cü ildə ölkənin lider mobil
operatoru statusunu qoruyub saxlayıb. Hazırda şirkətin respublika
üzrə coğrafi əhatə dairəsi 94.50%, əhali üzrə əhatəsi isə 98.35%
təşkil edir.

2023-cü ildə də Azercell infrastrukturunu ölkə boyu
genişləndirməyə və gücləndirməyə davam edib. Belə ki, Bakı, Abşeron
və Sumqayıt ərazisində 207 stansiyada, bölgələrdə isə 833
stansiyada təkmilləşdirmə işləri aparılıb, bunlardan 100-ü
Naxçıvanın payına düşüb. Təkmilləşdirmə işləri ilə yanaşı Azercell
yeni baza stansiyaları quraraq xidmət şəbəkəsini daha da
genişləndirib. 2023-cü ildə Bakı, Abşeron, Sumqayıt ərazisində 65,
regionlarda isə 70 yeni stansiya fəaliyyətə başlayb.

Abunəçilərin artan tələblərini qarşılamaq üçün həyata keçirilən
şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi bütün
ölkə üzrə 4G (LTE) şəbəkəsinin keyfiyyətinin yaxşılaşmasına və
əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olub. 18
aylıq layihə çərçivəsində Azercell-in Azərbaycan ərazisində 300-dən
çox yeni baza stansiyası yerləşdirilib və təxminən 1600 mövcud baza
stansiya təkmilləşdirilib.

Nəticədə Azercell-in ümumi LTE stansiyalarının sayı 3400-ü ötüb.
Beləliklə də 4G-in son bir ildə əhatə dairəsində 10%, data trafik
həcmində 48%, internet sürətində isə 100% artım müşahidə olunub.
Modernləşdirmə layihəsi sayəsində Bakıda və Abşeron yarımadasında
mobil operatorun şəbəkə tutumu 80%, ölkənin digər regionlarında isə
75% artıb.

Şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi
Azercell-i mobil operatoru olaraq seçmiş 5 milyondan çox insanı
daha sürətli məlumat ötürmə xidməti ilə təmin edib. Nəticə olaraq,
Azercell abunəçiləri sosial şəbəkələr, multiplayer oyunlar,
videokonfranslar və geniş çeşidli rəqəmsal həllər kimi multimedia
xidmətlərindən daha rahat istifadə edə bilirlər.

İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu və
dördüncü nəsil LTE (4G) radio baza stansiyalarını quran Azercell-in
hazırda Qarabağda bu texnologiya əsaslı 153 baza stansiyası
fəaliyyət göstərir. Şirkət 2023-cü ildə həmçinin Ağdərə, Xocalı və
Xankəndi şəhərlərini də şəbəkəsinə əlavə edib, bu ərazilərə
qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin
olunması istiqamətdə işlərini davam etdirib.

“Yaşıl” texnologiyaların tətbiqinə başlayan mobil operator
Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza
stansiyalarını işə salıb. Qeyd edək ki, “yaşıl” baza stansiyaların
enerji tələbatının 60% günəş enerjisi hesabına qarşılanır. ESG
(ətraf mühit, sosial və idarəetmə) Gündəliyi çərçivəsində Azercell
yaxın illərdə ölkə daxilində yaşıl stansiyaların sayını artırmağı
planlaşdırır.