
Bakı. Trend:
Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan
qeyri-neft sektorudur.
Trend xəbər
verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)
Azərbaycandakı rəhbəri Natalya Muravidze “IT Hub Azerbaijan”
layihəsinin bağlanış mərasimində deyib.
“Şadam ki, “IT Hub Azerbaijan” məlum problemlərdən birini –
bacarıqların artırılması problemini həll etməyə kömək edir. Layihə
inklüziv regional iqtisadi inkişafa, texniki tərəqqiyə və qlobal
rəqabət qabiliyyətinə töhfə vermək iqtidarındadır. O həmçinin,
innovasiyaları təşviq edir, iş yerləri açır və Azərbaycanın
rəqəmsal iqtisadiyyatın dinamik aktoru olaraq mövqeyini
müəyyənləşdirir. Qürur duyuruq ki, layihə təkcə Azərbaycanın İT
sektorunu dəstəkləmir və ölkədə innovasiyaları təşviq edir, lakin
həm də kənd yerlərinin, ölkənin bölgələrinin inkişafına imkan
yaradaraq bölgələr və şəhərlər arasında rəqəmsal qeyri-bərabərliyi
azaldır. Azərbaycanda İKT sektoru gəlir baxımından ən sürətlə artan
qeyri-neft sektorudur, istehlakçıların sayı isə sürətlə artır”, – o
deyib.
Qeyd edək ki, “IT Hub: Azərbaycanın informasiya-kommunikasiya
sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi” (IT Hub
Azerbaijan) layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü
Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, “StrategEast”
şirkəti və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə
əməkdaşlığı ilə həyata keçirilir.
Layihənin hədəfi Azərbaycanın bölgələrində İKT sahəsinin
inkişafına dəstək, bu sahədə ixtisaslaşmış kadrların əmək
məşğulluğu və hazırlığından ibarətdir.
(Tərcümə: Rəna Əbdürəhmanova)


























