Advertisement

Binəqədidə tikinti işləri zamanı ağaclara ziyan vuran şəxs barəsində akt tərtib olunub

Bakı. Trend:

Bakının Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı”
restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət
Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Trend xəbər verir ki, bu
barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana
keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən 4 zeytun
ağacının sərt budandığı müəyyən edilib.

“Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov
barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir
görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının
araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”, –
xidmət rəsmisi qeyd edib.