Advertisement

Ombudsmanın Tərtər və Ağdamdakı mina partlayışları ilə bağlı REAKSİYASI

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Tərtər və Ağdamdakı mina partlayışları
ilə bağlı məlumat yayıb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat veirlib.

“Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda
basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə
yaratmaqda davam edir. Növbəti mina terroru nəticəsində dörd nəfər
mülki şəxs yaralanmışdır.

Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər
minadan zərər çəkmişdir.

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz
qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi
üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir”, – deyə məlumatda
bildirilib.

Qeyd edək ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun
Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il
təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü
Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan
təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı
nəticəsində xəsarət alıb.

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı
kəndi ərazisində mina təmizləmə işləri aparan Azərbaycan
Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il
təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu mina partlayışı nəticəsində
xəsarət alıb.