Advertisement

Sumqayıt–Pirşağı sahəsində aparılan təmir işləri ilə bağlı qeyri-pik saatlarda qatar reyslərinin sayı azaldılır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmiryol
xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkət
təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə 6 aprel 2024-cü
il tarixindən etibarən Sumqayıt–Pirşağı sahəsində təmir işlərinə
başlayır.


Trend
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC
məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar müvafiq xətt üzrə
texniki fasilənin verilməsi üçün qatarların hərəkət qrafikində
dəyişliklər edilir.

Belə ki, həftəiçi Bakı–Pirşağı–Sumqayıt istiqamətində saat
09:30-da, saat 10:00-da və saat 14:50-də, Sumqayıt–Pirşağı–Bakı
istiqamətində isə saat 10:00-da, saat 10:45-də və saat 12:00-da,
həftənin şənbə, bazar və qeyri-iş günlərində Bakı–Pirşağı–Sumqayıt
istiqamətində saat 11:35-də, saat 15:30-da və saat 17:40-da,
Sumqayıt–Pirşağı–Bakı istiqamətində isə saat 12:10-da, saat
15:25-də və saat 16:35-də yola düşən qatarların hərəkəti sentyabr
ayına kimi müvəqqəti dayandırılır.

Həmin müddət aralığında sərnişin tələbatını təmin etmək
məqsədilə həftənin iş günlərində Bakıdan saat 16:20-də, Sumqayıtdan
isə saat 17:20-də, həftənin şənbə, bazar və qeyri-iş günlərində
Bakıdan saat 20:45-də və saat 21:20-də, Sumqayıtdan isə saat
20:15-də və saat 20:50-də qatarların hərəkəti üçün əlavə reyslər
təyin olunur.

İnfrastrukturda aparılan təmir işləri ilə əlaqədar ümumilikdə
Bakı–Pirşağı–Sumqayıt–Bakı istiqaməti üzrə iş günlərində 6 reys
ləğv olunaraq əvəzinə əlavə 2 reys, qeyri-iş günlərində isə 6 reys
ləğv olunaraq əvəzinə əlavə 4 yeni reys təyin edilib.

Qeyd edək ki, Bakı–Xırdalan–Sumqayıt–Bakı istiqaməti üzrə,
həmçinin günün pik saatlarında Bakı–Pirşağı–Sumqayıt–Bakı
istiqamətində qatarların hərəkət qrafiki olduğu kimi qalır.

Yük və sərnişin daşımalarında etibarlı tərəfdaş kimi çıxış edən
ADY davamlı olaraq infrastrukturunu sağlamlaşdırır və hərəkətin
təhlükəsizliyinə ciddi önəm verir. Xidmət sahələrində davamlı
olaraq aparılan bu kimi yenidənqurma və təmir işləri ilk növbədə
sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına
xidmət edir.