
Bakı. Trend:
Çin, ABŞ və Almaniyadan olan tədqiqatçılar birgə aparılan
beynəlxalq təcrübə zamanı ilk dəfə qravitasiya sahəsi kvantının –
qravitonun mövcudluğunun əlamətlərini aşkar ediblər.
Qraviton anlayışı təxminən 100 il əvvəl formalaşıb və
qravitasiya qarşılıqlı təsirinin daşıyıcı zərrəciyi hesab olunur.
Qravitasiya dalğalarının mövcudluğu sübut edilsə də, qraviton
indiyədək heç bir təcrübədə qeyd olunmayıb. İndi isə onun kəşf
olunması ehtimalı yaranıb.
Bu barədə
Trend-ə Elm və Təhsil Nazirliyinin Nəsrəddin Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasından məlumat verilib.
Təcrübənin aparılması üçün cihazınların quraşdılması və lazım
olan şəraitin yaradılması prosesinə 3 il sərf olunub. Belə ki,
tədqiq olunacaq material mütləq sıfıradək soyudulmalı və sadəcə
nazik lazerlə təsir göstərərək materialın elektronlarının
həyəcanlanması qiymətləndirilməli idi. İstənilən təcrübə zamanı
instrumentlərin istilik yaratması materialın temperaturunun
dəyişməməsi, demək olar ki, mümkünsüz idi.
Bu çətinliyə baxmayaraq Çinin Nanjinq Universitetinin alimləri
-273,15 °C soyudulmuş təmiz qallium arsenid (GaAs) nümunəsindən
istifadə edərək təcrübə aparıblar. Təcrübənin aparılmasında əsas
maqsəd atom ölçüsü qalınlığında elektronların kondensasiyası
effektini yaradaraq onların özünü maye kimi aparmasına nail olmaq
idi. Daha sonra isə lazerlə şüalandırılan elektronların
həyəcanlanmış halı qeyd olunaraq onların spini ölçülüb.
Məlumat üçün bildiririk ki, elektronun spini 1/2-ə bərabərdir.
Qraviton isə sükunət kütləsi və yükü olmayan hipotetik zərrəcikdir
və spini nəzəri olaraq 2 təyin olunub ki, bu xüsusiyyət onu unikal
zərrəcik edir. Təcrübədən alınan bəzi zərrəciklərin spininin 2-yə
bərabər olması qravitonun təcrübədən aşkarlanması üçün əsas
yaradır.
Bu zərrəciyin kəşf olunması böyük birləşmə nəzəriyyəsinin
problemlərini həll edəcək açar rolunu oynayır. Çünki hələ də
klassik fizika ilə kvant fizikası arasında tam əlaqə yoxdur. Məhz
qravitasiya qarşılıqlı təsirinin mahiyyətini dərk etməmək bu iki
dünyanı birləşdirməyə imkan vermir.
Qeyd edək ki, tədqiqat işinin nəticələri “Nature” jurnalında
dərc olunub.





























