Advertisement

Qeyri-sağlam qidalanma diabet riskini artırır – SN

Bakı. Trend:

Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin
fəaliyyətini zəiflədən bir sıra amillər var.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi
“İnstagram” hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt
Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, qidalanma və bəzi vərdişlər bu
amillərdəndir.

“Normadan artıq, qeyri-sağlam qidalanma immun sisteminin
fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır.
Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması,
həmçinin, mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı
immun sisteminin funksiyasını azaldır ki, bu da nəticədə bədənin
xəstəliklərə qarşı müqavimətini zəiflədir”.

Z.Quliyev qeyd edib ki, həddindən artıq şəkər qəbulu immun
sisteminin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara
qarşı müdafiəsini zəiflədir.

“Siqaret və alkoqol istifadəsi, radiasiyaya məruz qalma,
keyfiyyətsiz yuxu və yuxunun az olması, istirahət etməmək,
həddindən artıq stress yükü, tez-tez antibiotik istifadəsi və digər
amillər immun sistemimizin zəifləməsinin əsas səbəblərindəndir”, –
deyə o əlavə edib.