Advertisement

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 139-a
çatıb.

“Startap” şəhadətnamələri “Yol yoldaşı” MMC-nin şəhərlərarası
nəqliyyat axtarışı üçün mobil tətbiq, “Prodigitrack” MMC-nin
satınalma prosesinin təşkili üçün onlayn platforma, Rafiq
Mirzəyevin kənd təsərrüfatı və qida tullantılarından alternativ
protein və yağ istehsalı, Aygün Əliyevanın atmosferdən suyun
generasiyası üçün avadanlığın istehsalı və satışı layihələri üçün
təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi