Advertisement

Azərbaycanda “yaşıl enerji” potensialının inkişaf etdirilməsinə böyük diqqət yetirilir – ŞƏRH

Bakı. Trend:

Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl
enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə
edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Bu gün
Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də,
dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən
bir ölkəyə çevrilib.

Bunu Trend-ə Milli
Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan 2030-cu ilədək bərpaolunan
enerji, həçminin, üç dəfə və enerji səmərəliliyinin iki dəfə
artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub.

“Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala
malik olan ölkələrdəndir. Bərpa olunan enerji sahəsində Xəzər
dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan
sektorunun potensialı 150 min meqavat təşkil edir.

Azərbaycan 2030-cu ilədək 5000 meqavat bərpaolunan enerji
istehsalı potensialına malik olmağı planlaşdırır. 2023-cü ildə
Azərbaycanda Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat
gücündə ən böyük günəş elektrik stansiyası istifadəyə verilib və bu
cür yeni stansiyaların tikintisi davam edir”, – deyə deputat
bildirib.

O qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan
azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

“Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur.
Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə
tutulur”, – deyə deputat bildirib.

S.Hüseynova vurğulayıb ki, Azərbaycan, o cümlədən, “yaşıl
enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və
sərmayədarlarla fəal əməkdaşlıq edir.

Deputat əlavə edib ki, ölkəmizdə bərpa olunan enerji sahəsinin
inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional
mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ
hüquqi aktlar qəbul edilib.

“2021-ci il 2 fevral tarixli sərəncam ilə təsdiq edilmiş
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım
ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə
də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa
olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi
məsələləri öz əksini tapıb. Beləliklə Azərbaycan dünyada enerji
resurslarına artan tələbatın davamlı şəkildə ödənilməsinə, enerji
təhlükəsizliyi, əlverişli enerji təchizatı və ekoloji sabitlik
arasında tarazlığın yaradılmasına mühüm töhfə vermiş olur”, – deyə
deputat əlavə edib.