
Bakı. Trend:
Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Trend xəbər verir ki, Antoni Blinken aprelin 5-də ABŞ, Avropa
İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün
Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və
bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq
gətirilməsini vacib hesab etdiyini deyib.
Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın
iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə
çatdırıb.
Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə
üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və
birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı
ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının
Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına
Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.
Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi
addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın
silahlandırılması siyasətinin regionda silah yarışına rəvac
verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.
Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün
Azərbaycana qarşı olmadığını vurğulayıb.
Söhbət əsnasında Ermənistan ilə Azərbaycan arasında sülh
danışıqlarına dair müzakirə aparılıb. Prezident İlham Əliyev xarici
işlər nazirlərinin sülh müqaviləsinin mətni üzrə Berlində
apardıqları danışıqların prosesin irəlilədilməsi baxımdan faydalı
olduğunu və danışıqların sürətləndirilməsinə ehtiyac olduğunu
deyib.
Həmçinin dövlətimizin başçısı Qərbdə Azərbaycanın Ermənistana
hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların
tamamilə əsassız olduğunu vurğulayıb.
Prezident İlham Əliyev aprelin 2-də Parisdə Antoni Blinken ilə
keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan
danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda
və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini
bildirib.
Dövlətimizin başçısı Azərbaycanın 2022-ci ildə Praqa görüşü
zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğunu
vurğulayıb.
Prezident İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi
planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli
görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter
daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə
salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı
xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib
çıxaracaq.
Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq
məsələlərinə də toxunulub. Antoni Blinken bu ilin fevralında Münxen
Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə
apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə
Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu
vurğulayıb. O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə
heyətlərinin təmaslarını qeyd edib.
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində keçirilmiş görüşdə müzakirə olunan istiqamətlər üzrə
Azərbaycanın da ABŞ ilə ikitərəfli əlaqələrinin inkişafında maraqlı
olduğunu, COP29-un iqlim dəyişikliyi məsələləri və yaşıl
texnologiyalar sahəsində ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı
imkanlar yaratdığını bildirib.





























