Advertisement

İstanbulda Rusiya-ABŞ görüşü keçirilir

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.

Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsinin məsələlərini müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ər-Riyadda əldə edilən razılaşmalar mərhələli şəkildə həyata keçirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Rusiya-ABŞ danışıqları sürpriz olub, bunu mətbuatdan öyrəniblər.