
Bakı. Trend:
Ünvanlı sosial yardım alanların sayının azalmasının bir neçə
səbəbi var. 2023-cü ildə ünvanlı sosial yardım alan
vətəndaşlarımızın yardım proqramının başa çatması ümumi saya təsir
göstərir.
Bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov deyib.
O qeyd edib ki, nəticə olaraq ümumi sayda bu kontekstdən
azalmalar müşahidə edilir.
“Eyni zamanda şərtlərin yüngülləşdirilməsi çox vacibdir. Bu
şərtlər ünvanlı sosial yardım alanların sayına təsir göstərir.
Məsələn sərəncamında avtomobil olan vətəndaşlarımız ünvanlı sosial
yardıma müraciət edə bilmirlər. Amma elə ailələr var ki, istifadə
etdiyi avtombil kifayət qədər köhnədir. Bu da həmin ailələrin
ünvanlı sosial yardım almasına şərait yaratmır. Ona görə şərtlərə
baxılması və dəyişdirilməsinə ehtiyac var. Xüsusən də
avtomobillərlə bağlı şərtlərin müəyyənləşdirilməsinə ehtiyac
var.
Ailədə hər iki şəxsin işləməsi buna uyğun olaraq müraciət
məsələlərinə baxılması vacibdir. Eyni zamanda uşaqların yaşı ilə
bağlı şərtlərə baxılması və yumşaldılmasına ehtiyac var. Bütövlükdə
proqramın şərtlərinin sadələşdirilməsi daha çox vətənaşın bundan
yararlanmasına, ünvanlı sosial yardım alanların sayının azalmasının
qarşısını ala bilər”, – deyə o, bildirib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə,
2023-cü ilin yekunların əsasən 64 min ailənin 272 min 300 üzvü
ünvanlı sosial yardım alıb. Statistik təhlil göstərir ki, ötən il
ünvanlı sosial yardım alanların sayı əvvəlki il ilə müqayisədə 18
min 500 nəfər azalıb.





























