Advertisement

Azərbaycanda “yaşıl enerji”yə keçid istiqamətində mühüm işlər görülür – Deputat

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi
istiqamətində mühüm tədbirlər həyata keçirilir. Baxmayaraq ki,
Azərbaycanın zəngin enerji resursları mövcuddur, “yaşıl enerji”yə
keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas
istiqamətlərindən birini təşkil edir.

Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova qeyd edib ki, Azərbaycanda bərpaolunan enerji
sahəsinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq təşkilatlar,
dünyanın bu sahədə ixtisaslaşan iri şirkətləri ilə müqavilələr
imzalanıb, bərpa olunan enerji stansiyaları, o cümlədən Qarabağda
10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə
tutulur.

“Bu və digər tədbirlər ölkənin enerji balansında “yaşıl enerji”
mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına
imkan verəcək. Azərbaycanın bərpa olunan enerji sahəsində geniş
potensiala malik olması bu istiqamətdə geniş tədbirlərin həyata
keçirilməsinə imkan verir.

Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki
potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji
mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi
üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir”, – deyə deputat bildirib.

O qeyd edib ki, eyni zamanda Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin bərpa olunan enerji sahəsində böyük potensialı
mövcuddur.

“Həmin ərazilərdə bərpa olunan enerji infrastrukturunun
qurulması istiqamətində böyük işlər görülür. Belə ki, elektrik
enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında,
Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su
elektrik stansiyası artıq istismara verilib.

Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində
ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40
MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi
hazırda davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt
gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası
layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə
“Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, – deyə
deputat bildirib.

Deputat əlavə edib ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji
problemlərin həllində mühüm rol oynayır.

“Beləliklə Azərbaycan bərpa olunan enerji potensialından düzgün
istifadə etməklə və bu istiqamətdə geniş praktiki tədbirlər həyata
keçirməklə ekoloji problemlərin həllinə də mühüm töhfə vermiş
olur”, – deyə o, vurğulayıb.