
Bakı. Trend:
Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr
arasındadır.
Bunu Trend-ə
açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.
O bildirib ki, ermənilərin əsas məqsədi hərbçilərimizlə yanaşı,
mülki əhalimizə qarşı da yönəlib.
“Onların əsas niyyəti vətəndaşlarımızın həlak olması və əzəli
torpaqlarımıza qayıdışın ləngiməsi olub. Azad olunmuş torpaqlarda
ölən və yaralananların statistikası artmaqda davam edir. İkinci
Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər
vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i
ağır yaralanıb. İşğal dövründə torpaqlarımıza ilkin
qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırılıb.
Ermənistan torpaqlarımızda basdırdıqları minaların xəritələrinin
olmadığını bildirirdi. Lakin mina xəritəsiz basdırıla bilməz. Amma
sonradan xəritələri verməyə məcbur oldu. Təqdim edilən xəritələrin
dəqiqliyi də çox azdır. Əgər ermənilərdə xəritə yoxdursa,
torpaqlarımız onların işğalı altında olanda ermənilər niyə minaya
düşmürdü? Səbəb aydındındır. Mina xəritələri onlarda var”, – o
deyib.
Ekspert qeyd edib ki, bəzi dövlətləri çıxmaq şərtilə, dünya
birliyi ermənilərin ölkəmizə qarşı mina terroruna qarşı susur.
“İnsan haqlarından ağızdolusu danışan, dövlətlər və təşkilatlar
Ermənistanın mina terroruna münasibət bildirməyiblər, mina
xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırış
etməyiblər. Bu da beynəlxalq hüquqa hörmətsizlikdir. İşğaldan azad
olunmuş və müharibənin təsirinə məruz qalmış ərazilərin mina və
partlamamış sursatlardan təmizlənir. Bununla bağlı böyük işlər
görülür. Minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu Azərbaycanın
daxili resursları hesabına aparılır.
Fərmana əsasən Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) yaradılıb. İşğaldan azad olunmuş və müharibənin
təsirinə məruz qalmış ərazilərdə həyata keçirilən mina təhlükəsi
ilə bağlı fəaliyyətləri əlaqələndirmək, idarə etməklə bərabər, həm
də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı
qurumudur. ANAMA ilə yanaşı digər dövlət qurumları da ərazilərin
minalardan təmizlənməsində yaxından iştirak edirlər”, – deyə o qeyd
edib.
Qeyd edək ki, ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız
minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina
qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir.





























