
Bakı. Trend:
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə
Fəaliyyətinə Yardım Günüdür. Avropa İttifaqı(Aİ) minatəmizləmə
səylərində Azərbaycana güclü dəstək verir.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının
Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” sosial
şəbəkə hesabında qeyd edib.
“Biz ANAMA-nın fədakar əməyini və icraçı tərəfdaşlarımız olan
BMTİP, UNICEF, eləcə də beynəlxalq və Azərbaycan vətəndaş cəmiyyəti
ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Biz fəxr edirik ki,
bizim dəstəyimiz minalarla mübarizə imkanlarının artırılmasına, o
cümlədən ilk qadın minatəmizləmə qrupunun yaradılmasına gətirib
çıxarıb və Azərbaycanın bu sahədə aparıcı mövqeyinə töhfə verib.
Biz Azərbaycan xalqının rifahı, sülh, sabit və firavan Cənubi
Qafqaz naminə güclü dəstəyimizi davam etdirəcəyik”, – deyə
paylaşımda qeyd edilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
mina və partlamamış hərbi sursatların təhlükəsinə diqqəti cəlb
etmək məqsədilə aprelin 4-nü “Ümumdünya Mina Maarifləndirilməsi və
Minalarla Mübarizə Dəstəyi Günü” elan edib.





























