Advertisement

Ramazan ayı ilə bağlı məscid və ziyarətgahlarda monitorinqlər keçirildi

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu
kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum
nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi
monitorinqlər keçirilib, eləcə də, dini maarifləndirmə sahəsində
silsilə görüş və konfranslar təşkil edilib.

Trend-in
məlumatına görə, bunu DQİDK-nın sədri vəzifəsini müvəqqəti icra
edən Səyyad Salahlı komitədə keçirilən müşavirə zamanı deyib.

O qeyd edib ki, Ramazan ayı müvafiq tədbirlərin keçirilməsi üçün
dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək
göstərilib.

Komitənin Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar
Əlifzadə isə deyib ki, Ramazan ayı müddətində vahid Ramazan
təqviminə riayət olunmasının xüsusi nəzarətdə saxlanılıb.

O bildirib ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi
Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil
olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi
aparılıb.