
Bakı. Trend:
Van şəhəri başda olmaqla Türkiyənin müxtəlif bölgələrində
separatçı terror təşkilatı adından qanunsuz aksiyaları keçirərək
ictimai sabitliyi pozmağa cəhd edən 340 nəfər saxlanılıb.
Trend xəbər verir ki, bu barədə daxili işlər naziri Ali
Yerlikaya bildirib.
Məlumata əsasən, “Bozdoğan-20” kod adı altında başladılan
əməliyyat Türkiyənin 14 vilayətində keçirilib. Saxlanılan şəxslərin
yolları zibil qutuları və şinlərlə bağlayaraq qanunsuz küçə
aksiyaları keçirdikləri, təhlükəsizlik qüvvələrinə daşla hücum
edərək müqavimət göstərdikləri, terror təşkilatını dəstəkləyici
şüarlar səsləndirdikləri, eləcə də, sosial mediada terror
təşkilatının təbliğatını apardıqları bildirilir.
Onların keçmişdə separatçı terror təşkilatının tərkibində
fəaliyyət göstərdikləri və axtarışda olduqları müəyyən edilib.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilən yerli özünüidarə
orqanlarına seçkilərin Van Böyükşəhər Bələdiyyə sədrliyi üzrə
nəticələrinin qeyri-müəyyənliyi ilə bağlı son iki gün ərzində
ölkənin müxtəlif bölgələrində ictimai sabitliyi pozmağa cəhdlər
göstərilib.





























