
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazovla Dünya Bankının energetika
üzrə missiya heyəti arasında görüş olub. Bankın energetika üzrə
böyük mütəxəssisi, Tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunil,
təcrübə meneceri Stefani Gil və digər nümayəndələrinin iştirakı ilə
keçirilən görüşdə bərpa olunan enerji mənbələrinin şəbəkəyə
inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin
gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı məsələlər müzakirə
edilib. 2 QVt-dək gücdə bərpa olunan enerji mənbələrinin
enerjisisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi,
“Masdar” şirkəti tərəfindən inşa olunacaq 1 QVt gücündə günəş və
külək elektrik stansiyalarının şəbəkəyə qoşulması tədbirlərinin
icra vəziyyəti və maliyyələşdirmə imkanları nəzərdən keçirilib.
AZURE layihəsi çərçivəsində 315 MVt gücündə “Bankə” və 445 MVt
gücündə “Biləsuvar” günəş elektrik stansiyalarının enerji sisteminə
qoşulmasının vaxtında həyata keçirilməsi üçün müvafiq proseslərin
tezləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin AZTAF proqramı çərçivəsində “Enerji
səmərəliliyi və iqlim” texniki yardım layihəsinin “Enerji
Effektivliyi Fonduna dəstək və Milli Renovasiya Proqramının Yol
Xəritəsi” komponenti üzrə görülən işlər, eləcə də Dünya Bankı ilə
enerji sahəsində əməkdaşlıq gündəliyinin digər aspektləri ətrafında
fikir mübadiləsi aparılıb.



























