Advertisement

Azərbaycanda kiçik məbləğli ödəniş alətləri üçün meyarlar müəyyənləşib

Bakı. Trend:

Azərbaycanda iki meyara cavab verən ödəniş alətləri kiçik
məbləğli ödəniş alətləri hesab olunacaq.

Trend xəbər verir ki, bu,
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin təsdiqlədiyi “Ödəniş
əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da öz
əksini tapıb.

Qərara əsasən, həmin meyarlar aşağıdakılardır:

– bir alət üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının
məbləği 300 manatdan və yaxud onun ekvivalentində xarici valyutadan
çox olmamalıdır;

– həmin alətdə saxlanılan pul vəsaitinin məbləği 300 manatdan və
yaxud onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.

Bundan başqa, qərarda deyilir ki, ödəniş xidməti istifadəçisinin
eyniləşdirilməsi tələb olunmayan ödəniş alətləri aşağıdakı
tələblərə cavab verməlidir:

– yalnız ölkədaxili ödəniş əməliyyatları üzrə istifadə oluna
bilər;

– pul köçürməsinin aparılması və pul vəsaitinin nağd qaydada
məxarici üçün istifadə oluna bilməz;

– istifadəçisi yalnız fiziki şəxslər ola bilər.