
Bakı. Trend:
ABŞ və ümumiyyətlə, Qərbin öz müttəfiqlərini
sonradan hansı vəziyyətə düçar etdiklərini Ermənistan yada
salmalıdır.
Bu gün Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın dövlət katibi Entoni
Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.
“Konfrans” adlanan bu görüşdə Qərbin Ermənistana siyasi,
iqtisadi, maliyyə, enerji və hərbi yardımlar göstərməsi, xüsusilə
də geosiyasi və diplomatik dəstək verməsi ilə bağlı anlaşmanın
imzalanması nəzərdə tutulub.
Brüssel görüşünün rəsmi Bakı tərəfindən ciddi narazılıqla
qarşılandığı bəllidir, çünki Qərbin sürətlə silahlandırmağa
hazırlaşdığı Ermənistanın bu silah və hərbi texnikadan məhz
Azərbaycana qarşı istifadə etmək niyyətində olması şübhəsizdir.
Digər tərəfdən, Qərbdən ən geniş müstəvidə dəstək alan
Ermənistan sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlarda
mövqeyini sərtləşdirərək bölgəni yeni gərginliyə və qarşıdurmaya
sövq edə bilər.
Rusiya da yaşananlardan ciddi narahatdır.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalına
verdiyi müsahibədə bildirib ki, Qərbin vədlərinə inanan, daha
doğrusu, aldanan Ermənistan ciddi səhvə yol verə bilər.
“NATO və ya Qərb hansısa ölkəyə vədlər verəndə soruşmaq
gərəkdir: indiyədək harada onların niyyətləri gerçəkləşib? ABŞ-ın
ən yaxın müttəfiqini və bütün Yaxın Şərqi üzləşdirdiyi dalanı hələ
kimsə görməyib. Ermənistan və ermənilər bizim üçün, ali məqsədlər
üçün yox, özləri üçün bunu xatırlasınlar və bilsinlər. Üçlüklər,
kvartetlər, hansısa başqa formatlar və ya formalarda görüşlər
planlaşdırılanda bu vacibdir. Qoy onlar ABŞ-ın ən yaxın
müttəfiqlərini nələrə düçar etdiklərini xatırlasınlar”, – Mariya
Zaxarova deyib.
ABŞ və Avropa İttifaqı bu görüşün “sadəcə iqtisadi məsələlərin
müzkirə ediləcəki, bölgə ölkələrinə, xüsusilə də Azərbaycana qarşı
yönəlmiş tədbir olmadığını” bəyan etsələr də, belə bəyanatlar
həqiqətdən çox uzaqdır.
Reallıq budur ki, Qərb Avropa İttifaqının Ermənistanda olan
Müşahidə-Monitorinq Missiyasının (EUMA) heyətini və imkanlarını
artırmaq adı ilə qonşu ölkədəki hərbi-siyasi mövcudluğunu dəfələrlə
gücləndirmək, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq,
ermənilər arasında Azərbaycana qarşı revanşist təmayülləri
gücləndirmək fikrindədir.
Fransanın, Yunanıstanın, Hindistanın və bir neçə başqa ölkənin
hərbi texnika, silah-sursat tədarükünü sürətlə artırdığı
Ermənistanın militarlaşdırılması heç bir vəchlə Cənuği Qafqazda
sülh prosesini aktivləşdirməyə yönələ bilməz.
Rəsmi Parisin üstüörtülü şəkildə bəyan etdiyinə görə,
Brüsseldə N.Paşinyanın imzalayacağı anlaşma Fransa və Almaniyanın
Ukrayna ilə imzaladığı təhlükəsizlik anlaşmasının kiçik analoqu
olacaq.
Fransanın siyasi isteblişmenti hesab edir ki, bunun müqabilində
Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) sıralarını tərk etməyi yaxın perspektivdə
reallaşdırmalı, daha sonra isə Rusiya ilə əlaqələrini minimuma
endirməlidir.
Halbuki bölgədəki geosiyasi düzəni nəzərə alsaq, normal
ssenaridə Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin
imzalanmasına və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə
başlanmasına İrəvanı sövq etməli, bununla da İrəvanın öz siyasi və
hərbi strukturlarına uğurlu inteqrasiyasına start verməlidir.
Fəqət ABŞ, Fransa və Avropa İttifaqının əsas məqsədi yalnız
Cənubi Qafqazda öz geosiyasi maraqlarının təminatından, o cümlədən
Rusiyanın və Türkiyənin bölgədəki təsir imkanlarının
zəiflədilməsindən ibarətdir.
Bu minvalla Ermənistanın Azərbaycanla yeni qarşıdurmaya, bölgədə
risklərin və çağırışların sayının artırılmasına təhrik edilməsi
Cənubi Qafqazda olduqca ciddi qeyri-stabilliyin əsasını qoya
bilər.
Yeni gərginlik vasitəsilə Rusiyanın regiondakı təsir
imkanlarının zəiflədilməsi cəhdləri narahatlıq doğurmaya
bilməz.
Çünik sülhməramlı missiya, EUMA-nın heyətinin və imkanlarını
gücləndirilməsi kimi bəhanələrlə Ermənsitanda Qərb hərbçilərinin
sayının artırılması yeni problemlər vəd edir.
Təbii ki, Rusiya yaşananları diqqətlə, səbrlə, amma əsəbləri
tarıma çəkilərək izləyir. Brüssel görüşündə əgər “Qərb-Ermənistan”
anlaşması imzalanarsa, İrəvan Rusiyanın qəzəbli cavağı ilə
qarşılaşacaq.
Qərb erməniləri belə cavabdan qoruya biləcəkmi – bu
məsələ ciddi sual altındadır.
ABŞ, Fransa və Avropa İttifaqı bütün qapıları ermənilərin
üzlərinə açsalar belə, bu, Ermənistan iqtisadiyyatını
mövcud böhranlardan qurtara bilməyəcək. Səbəb bəsitdir: Avropa
İttifaqına ixrac etmək üçün Ermənistanda rəqabətə davamlı mal və
məhsullar ümumiyyətlə, yoxdur.
Ona görə də “Ermənistan iqtisadiyyatının problemlərinin həllində
kömək etməyə hazırlaşırıq” tipli rəvayətlər əslində Qərbin
bölgəmizdə gərginliyi artırmaq, Rusiya ilə regionda aşkar qarşıdurmaya başlamaq niyyətindən xəbər
verir.
Sadalanan nüanslar çərçivəsində Ermənistan Fransa və
Avropa İttifaqının amerikalılarla birlikdə yeni siyasi oyunlarının
qurbanına çevrilə bilər.
Ermənistanda isə baş nazir Nikol Paşinyanın birbaşa göstərişi
ilə aparılan və hazırda pik nöqtəsinə çatmış propaqanda erməniləri
inandırmağa çalışır ki, Brüssel görüşü İrəvanın böhranlardan
çıxması üçün açar olacaq.
Ermənistanın xilasını isə təbii ki, Rusiyadan uzaqlaşmaqda,
Azərbaycanlı qarşıdurmanın gücləndirilməsinə görürlər.
Yaşanan proseslər Türkiyəni də ciddi narahat edir.
Türkiyə XİN-i bəyanat yayaraq bildirib ki, Brüsseldə aprelin 5-i
keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü
regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan
neytrallıq yanaşmasına zərbə vuracaq.
Rəsmi Ankaranın fikrincə, Azərbaycanın iştirakını
nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət
etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol
açacaq.
“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və 19-20
sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri
vasitəsilə bütün əraziləri üzərində suverenliyini bərpa etməsi
nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət
yaranıb. Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir
vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan
aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı
zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də
Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün
regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan
neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim
borcumuzdur”, – sənəddə qeyd edilib.
Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini
nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa
çağırıb:
“Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və
sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq.
Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və
Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam
edəcək”.
Bununla yanaşı, rəsmi Ankara ABŞ-Aİ-Ermənistan triosunun
nəzərinə çatdırıb ki, Türkiyə və Azərbaycan arasında imzalanmış
Şuşa bəyannaməsi mövcuddur.
Azərbaycana qarşı hansısa destruktiv, aqressiv addımlar atmaq və
ya planlar qurmağa hazırlaşanlar Bakının tək olmadığını, Ankaranın
daim ölkəmizin yanında olduğunu nəzərə almalıdır.
ABŞ və Avropa İttifaqının məqsədlərindən biri məhz
Türkiyə ərazisindən istifadə edərək Ermənistana rahat çıxış əldə
etməkdir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanqmamış
qardaş Türkiyə heç bir halda Qərbin istəklərinə müsbət cavab
verməyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinin
paradiqmasını dünyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən
böyük olması təşkil edir.
2020-ci ildə isə Bakı və Ankara “Dünya beşdən böyükdür!” gerçəyini birlikdə
sübut etdilər və Ankara indi Qərbin təzyiqlərini qətiyyətlə rədd
etməkdədir.
Brüsseldə anlaşma imzalanarsa, belə təhlükəli davranış Cənubi
Qafqazda vəziyyəti həddən ziyadə gərginləşdirə bilər.
Amma problemin çıxış yolu da var: bu, Azərbaycanın
ədalətli və haqlı tələblərinin nəzərə alınmasıdır.





























