Advertisement

Ölkəmiz üçün vacib strateji inkişaf istiqamətlərindən biri də alternativ enerji mənbələrinin istifadəsidir – RƏY

Bakı. Trend:

Ölkəmizin gələcək inkişafında ən vacib strateji inkişaf
istiqamətlərindən biri alternativ enerji mənbələrinin
istifadəsidir.

Bunu Trend
açıqlamasında ekoloq, professor Çingiz İsmayılov deyib.

O bildirib ki, bunun üçün ölkəmizdə potensial mövcuddur.

“Alternativ enerji mənbələri Azərbaycanın enerji balansında
bərpa olunan enerjinin çəkisinin artmasına səbəb olacaq. Alternativ
enerji mənbələrinin mövcudluğu vacibdir. Lakin bu sahə ilə bağlı
investorların cəlbi, özəl sektorla tərəfdaşlığın
müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi,
müasir texnologiyaların cəlbi də əhəmiyyət daşıyır”, – o deyib.

Ekoloq bildirib ki, alternativ enerji mənbələrinin müsbət
tərəfləri ilə yanaşı, iqtisadi baxımdan çətinlikləri də var.

“Belə ki, bərpa olunan enerji mənbələrindən elktrik enerjisinin
maya dəyəri ənənəvi enerji mənbələrindən əldə edilməsindən daha
yüksəkdir. Bu sahənin inkişafı üçün böyük investisiyalar lazımdır.
Bərpa olunan enerji elektrik stansiyaların yerləşdiyi yer də çox
önəmlidir. Azərbaycanda alternativ enerjinin proqnozlaşdırılan
potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavatdır(dayazsulu
hövzələrdə 35 QVt və dərinsulu hövzələrdə 122 QVt). Bu səbəbdən
sahildə və adalarda külək enerji stansiyalarının qurulması daha
məqsədəuyğundur. İlk növbədə stansiya qurulacaq ərazilərə
mütəxəssisləri cəlb edib qiymətləndirilmə aparılmalıdır”, – deyə o,
qeyd edib.

Qeyd edək ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki
potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji
mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi
üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji
potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində
qiymətləndirilir.

Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt,
iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji
mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu
da ümumi gücün 20,3 %-ni təşkil edir.