
Bakı. Trend:
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və
konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların
xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqından və gəlir
vergisindən azad ediləcək.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində
qeyd olunub.
Beləliklə, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı
təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət
keçən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də
həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar
qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri
hesab edilib.
Layihə DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda
nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici
dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma
xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş
Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət
məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və
gəlir vergisindən azad edilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.





























