Advertisement

Azərbaycan Orta Dəhliz sayəsində Özbəkistan üçün tranzit qovşağına çevrilir – Səfir

Bakı. Trend:

Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya
Orta Dəhliz) sayəsində Özbəkistan üçün tranzit qovşağına
çevrilir.

Trend xəbər
verir ki, bu barədə Özbəkistanın ABŞ-dəki səfiri Furkat Sidikov
Xəzər Siyasət Mərkəzinin (CPC) Vaşinqtonda keçirilən tədbirində
deyib.

“ABŞ tərəfindən dəstəklənən Orta Dəhliz layihəsi Özbəkistanı öz
növbəsində bizim üçün nəqliyyat qovşağına çevriləcək Azərbaycana
çıxış imkanı ilə təmin edir”, – deyə o bildirib.

Səfirin sözlərinə görə, Mərkəzi Asiya Avrasiya və Cənubi Asiyanı
birləşdirən körpü rolunu oynaya, həmçinin 3 milyarddan çox əhaliyə
malik bazarı ilə öyünə bilər ki, bu da ABŞ üçün maraqlı ola
bilər.

“Hazırda tədarük marşrutlarında və iqtisadi strukturlarda mühüm
dəyişikliklər dövrü yaşayırıq. ABŞ şirkətləri üçün hazırda yeni
bazarlara çıxış imkanı lazımdır və Mərkəzi Asiya bu ehtiyacı
qarşılamaq üçün potensiala malikdir”, – deyə F.Sidikov əlavə
edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə
dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,
Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və
Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə
birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks
istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta
hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat
dəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun