Advertisement

Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarları üçün ayrılmış güzəştli kreditlərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. Trend:

Bu ilin ilk rübü ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF)
tərəfindən 1065 layihə üçün 43,1 milyon manat güzəştli kredit
ayrılıb.

Bu barədə Trend-ə özəl müsahibəsində Sahibkarlığın İnkişafı
Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

Onun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondunun əsas
missiyası ölkədə sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin
göstərilməsini təmin etmək, dövlət və sahibkarlar arasında
əməkdaşlığın inkişafı, eləcə də qarşılıqlı inam mühitinin
yaradılmasına dəstək olmaqdır.

“Hazırda Fond ölkədə fəaliyyət göstərən 21 bank, 9 bank olmayan
kredit təşkilatı və 10 kredit ittifaqı ilə sahibkarlıq
subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən yararlanması
üçün əməkdaşlıq edir. Təkcə bu ilin ilk 3 ayı ərzində 1065 layihəyə
müvəkkil kredit təşkilatları vasitəsilə ayrılmış 43,1 milyon manat
güzəştli kredit vəsaitindən müxtəlif iqtisadi sahələrdə fəaliyyət
göstərən sahibkarlıq subyektləri yararlanıb”, – o deyib.

İdarə Heyətinin sədri sahibkarlığın dəstəklənməsinə xidmət edən
maliyyə mexanizmlərinin icrasında Fond və özəl sektor arasında
əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki,
Fondun güzəştli kredit, zəmanət və subsidiya, avadanlıq krediti
kimi dəstək mexanizmləri müvəkkil kredit təşkilatları vasitəsilə
icra olunur.

“Güzəştli kreditlərin hər biri 2024-cü il üzrə
müəyyənləşdirilmiş prioritet istiqamətlərdə fəaliyyət göstərən
sahibkarlıq subyektlərinin müvafiq layihələrinə verilib. Layihələr
əvvəlcə müvəkkil kredit təşkilatları, daha sonra isə Fond
tərəfindən təhlil olunur. Fond tərəfindən vəsaitin ayrılmasına
qərar verilən zaman layihənin ölkə iqtisadiyyatına verəcəyi töhfə,
o cümlədən, iqtisadi artıma təsiri nəzərə alınır. SİF olaraq kredit
təşkilatlarından əlavə müxtəlif assosiasiyalarla, sahibkar klubları
ilə əməkdaşlıq edir, həmin təşkilatların üzvləri ilə mütəmadi
görüşlər keçiririk”, – deyə O.Xaliyev əlavə edib.

Xatırladaq ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3
276 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 43,1 milyon
manat dəyərində güzəştli kredit ayrılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun