
Bakı. Trend:
Medianın İnkişafı Agentliyi (MEDİA) Audiovizual Şura ilə birgə
audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqə elan
edib.
Trend-in məlumatına görə, ümumölkə yerüstü televiziya
yayımçıları arasında təşkil edilən müsabiqədə iştirak etmək istəyən
yayımçı Media Reyestrinə daxil edilmiş olmalı, “Media haqqında”
Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun fəaliyyət
göstərməli və müvafiq qaydalarla müəyyənləşdirilmiş sənədləri
təqdim etməlidir.
Müsabiqə üçün təqdim olunan layihə Azərbaycanın dövlətçilik
tarixi; milli adət-ənənələr və ailə dəyərləri; elm və mədəniyyət;
azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın
təbliği; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və
vətənpərvərlik hissinin inkişafı; elmi-kütləvi, mədəni-maarif,
təhsil; ekologiya və ətraf mühitin mühafizəsi; uşaq və gənclərin
fiziki və mənəvi inkişafı mövzularından birini əhatə etməlidir.
Müsabiqəyə müraciət müvafiq sənədlərin elektron daşıyıcıda
ərizəyə qoşma edilməklə Agentliyə təqdim olunması yolu ilə həyata
keçirilir.
Qeyd edək ki, müsabiqəyə müraciət qəbulu 6 iyun 2024-cü il 18:00-dək
davam edəcəkdir.





























