Advertisement

Azərbaycanda aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bakı. Trend:

Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı
icazə sisteminin təkmilləşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin
Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mazakirə
edilən “Qida təhlükəsizliyi haqqında” qanuna dəyişiklikdə öz əksini
tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminin
təkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlı
və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə,
daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına,
istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma
hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud
sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına və
istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına
xidmət edəcəkdir.

İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü
cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının
istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına
və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət
edir.

Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə
müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan
spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən
edilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli
malların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcmini
məhdudlaşdıracaqdır.

Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsi
üçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsal
həddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi
100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçid
müddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci il
yanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Belə
ki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 min
dekalitr olaraq müəyyən edilmişdir.

Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsal
həcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrə
istehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki,
bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlı
oxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olmuşdur.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4
mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu
içkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsi
Qaydaları”nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli
385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlı
lisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaq
şərtilə verilməsi tələbi mövcud olmuşdur.